Sevindirici haldır ki, “Azərpoçt”MMC-nin bələdiyyələrə göstərdikləri bank xidmətlərinin yarıtmaz vəziyyətiylə bağlı qısa replikamıza dərhal reaksiya verildi. Yazıda irəli sürülən iradlara baxılacağı bildirildi. Artıq müəyyən müddət keçib...
Və bizim sosial media üzərindən müzakirələrimizə qoşulan digər bələdiyyə sədrlərindən və qulluqçularından paylaşımlarımıza maraqlı fikir və təkliflər aldıq.
Bu yazıda da niyyətimiz məhz əldə etdiyimiz təklif və iradları ümumiləşdirərək “Azərpoçt”MMC-nin rəsmilərinin diqqətinə çatdırmaqdır. Bir daha təkrar edirəm ki, biz dövlətin marağı naminə atılan hər bir addımı alqışlayırıq. Lakin...
Bələdiyyələrin illik dövriyyəsinin dövlət tərəfindən ayrılan dotasiya ilə birlikdə bu gün 35 milyon manat ətrafında olduğunu MMC-nin rayon şöbələrinin rəsmiləri də bilməlidir. Və onlar bilməlidirlər ki, bu dövriyyənin 3 faizi onların təmsil olunduğu müəssisəyə xidmət haqqı kimi daxil olur. Və bu az rəqəm deyil, böyük rəqəmdir. Hazırda həmin məbləğin böyük bir qismi məhz “Azərpoçt”un dövriyyəsindədir.
Mətləbə keçməmişdən əvvəl deməliyəm ki, bir çox rayon şöbələrinin rəhbərlərinin vətəndaşların və o cümlədən bələdiyyələrin müraciətinə baxılması məsələsinə diqqətlə yanaşılmalıdır. Necə ola bilər ki,”Azərpoçt”un mərkəzi aparatının rəsmiləri müraciətimizə həssaslıqla yanaşaraq, az müddət ərzində bizə müraciət edən vətəndaşın probleminin həllinə çalışdığı vaxt rayondakı şöbənin müdiri vətəndaşa irad tutub “niyə bizdən şikayət etmisən?” deməsi, həmin şəxsin yerində olmamasından xəbər verir. şöbə rəsmisi problemi ən azından dinləməli idi. əlavə edim ki, belə hal Lənkəran şəhər şöbəsində rast gəlinib. Nə isə...
Mətləbdən uzaqlaşmayım. Keçək “Azərpoçt”un bələdiyyələrə göstərdikləri bank xidmətlərinə. əvvəlcə deyim ki, Azərpoçt”un bütün şəhər, rayon, qəsəbə və kəndlərdə məhz şöbə və filiallarının olması bələdiyyələrə sərf edən amildir. Bununla kənddə və ya qəsəbədə yaşayan sakin şəhərə üz tutub on manatlıq vergisini ödəməkdən ötrü on manatda xərc çəkib şəhərə gəlməkdən azad olub. Baxmayaraq ki, artıq xeyli vaxtdır, bələdiyyələrin işlədiyi “Kapitalbank” ən müasir informasiya texnologiyalarından istifadə edir. Ancaq unutmayaq ki, bu texnologiyalardan şəhər və rayonlarda yüksək səviyyədə istifadə edilsə də digər yaşayış məntəqələrində istifadəsi internetin sürətindən asılı olaraq hələlik elə də səmərə vermir. Sözümün canı odur ki, müəssisənin bütün yaşayış məntəqələrində şöbəsinin olması bilavasitə həm vətəndaşın, həm də ki bələdiyyənin xeyrinədir, onların rahatlğı naminədir. Ancaq müəsisisə bu rahatlığı yüksək səviyyədə təmin etməlidir ki, həm vətəndaş, həm də bələdiyyələr onlardan narazı qalmasın.
Narazılıq ondan xəbər verir ki, dövlət rəhbərinin təşəbbüsü ilə atılan bu addımı müəssisənin yerlərdəki bir çox rəsmiləri öz məsuliyyətsiz addımlarıyla kölgə altına alır.
indisə əsas iradlara toxunaq. Bu gün “Azərpoçt” bütün əməliyyatların kağız üzərindən aparılması təəssüf doğuran amildir. indiki vaxtda bank əməliyyatı aparan bir müsəssisə yeni lokal proqrama çoxdan keçməliydi. Bu məqamda gözləmək, müştəri itirmək deməkdir, birmənalı olaraq. Bundan əlavə DSMF-yə borca görə hesabı bağlı olan bələdiyyələrə daxil olan maliyyə vəsaiti dərhal əməkhaqqı saxlamadan borca silinir. Buna nə ad verək? Qanunla hesabda əməkhaqqı həcmində vəsait saxlanılmalı, qalan hissə borca silinməlidir. Məhz bu səbəbdən çoxsaylı bələdiyyə qulluqçuları aylarla əməkhaqqı ala bilmir. Bundan başqa əməkdaşlarda operativlik hiss edilmir. Bir köçürmə günlərlə çəkir. ikinici bir tərəfdən xidmət haqqının 3 faiz olması, üstəlik nəğd əməliyyatlarda da bir faiz də əlavə olaraq tutulması istər-istəməz bələdiyyələrdə narazılıq yaradan səbəblərdəndir. Belə çıxır ki, bələdiyyənin əldə etdiyi gəlirini dörd faizi avtomatik olaraq mmc-nin hesabına köçür. Halbuki bank sistemində xidmət haqqı xeyli aşağıdır.
Təkliflərə gəlincə şəhərdə və mərkəzi rayonlarda əhalinin sıx yaşadığı yerlərdə stasionar ödəniş terminallarının quraşdırılmasına ehtiyac var. Tutalım , elə bələdiyyələrin inzibati binasında belə bir aparatın quraşdırlmasının nəyi pisdir. Onsuzda az vaxta o öz xərcini ödəyəcəkdir. Bütün bunlarla yanaşı ən əsası isə bank xidməti göstərən şəxslərin bilik səviyyəsinə və təcrübəsinə diqqət artırılmalıdır.
Yekun olaraq, bir daha “Azərpoçt” rəhbərliyindən xahiş edirəm ki, bu qısa irad və təkliflərdən nəticə çıxarıb, kreativ ideyaların tətbiqiylə bağlı axtarışa çıxsınlar və bələdiyyələrə daha müasir xidmətlər təklif etsinlər. əks halda belə getsə müştərilərinin sayı azala bilər.
P.S. Bu və bundan əvvəlki replikada qaldırılan məsələlərə “Azərpoct” MMC-nin də mövqeyini oxucularımıza təqdim etməyə hazırıq.
Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” iB sədri